İBNI SİNA
İbni
Sina və ya Ave Sina 980-ci il Avqust ayında Müsəlman İmperiyasının ərazisində Buxarada dünyaya göz
açdı. O həm filosof, riyaziyyatçı, fizik, şair idi. Bundan başqa onun tibb elmində böyük əməyi var. İbni Sina(Ave Sina) fəlsəfəyə aid 68, astronomiyaya aid 11, tibb elminə 16 və şeriyyata aid isə 4 kitab yazmışdır. Öz dövründə “Həkimlərin Şahzadəsi” (“The Prince of Physicians”) kimi tanınırdı.
Astrologiya və simyaya etibar etməyib Dəyişilmə Nəzəriyyəsinin
doğru olub olmadığını apardığı təcrübələrlə tədqiq etmiş
və doğru olmadığını isbat etmişdir. İbni Sinaya görə, hər element yalnız
özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan qızıl
və gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil.
İbni Sina, mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən
Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət
etdirən qüvvə ilə cisim arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini
təmin edən amilin şərait, yəni hava olduğunu bildirir və havaya, biri cismə müqavimət
digəri isə cismi daşıma olmaq kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi.
İbni Sina, bu zidd durumu sezmiş, apardığı müşahidələr
nəticəsində hava ilə küləyin güclərini müqayisə etmiş və Aristotelin haqlı
ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini
çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca dəymədiyi
müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi
halda, külək, ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir.
Elə isə havanın şiddəti cisimləri daşımaq üçün kifayət deyil.
İbni Sina, hər şeydən öncə həkimdir və bu sahədəki
tədqiqatları ilə məşhurdur. Tiblə əlaqəli bir çox əsər qələmə
almışdır; bunlar arasında xüsusilə ürək-damar sistemi ilə əlaqəli olanlar diqqətə
layiqdir. Ancaq İbni Sina dedikdə, onun adı ilə bütünləşmiş və Qərb ölkələrində
16-cı əsrin və Şərq ölkələrində isə 19-cu əsrin əvvəllərinə
qədər oxunmuş və istifadə edilmiş “Əl Qanun fit Tibb” adlı əsəri
yadımıza düşür.
Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı,
anatomiya və qoruyucu həkimlik; ikinci kitabı adi dərmanlar; üçüncü kitabı patologiya; dördüncü kitabı
dərmanlar və cərrahi metodlarla müalicə; beşinci kitabı isə müxtəlif dərman tərkibləri
ilə əlaqəli təfsilatlı məlumatlar verilmişdir.
İbni Sinanın bu əsəri araşdırıldıqda, mövzuları
sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə ilk dəfə tibb və
cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən İbni Sina, cərrahi müalicənin
düzgün aparılması üçün anatomiyanın vacibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi
çox yuxarı olduğu üçün dəbdə olmayan cərrahi müalicə ilə əlaqəli nümunələr
vermiş və əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir.
Göz ilə də maraqlanmış İbni Sina, dövrünün seçilən fiziklərindən
İbni Heysem kimi, Göz-Şüa Nəzəriyyəsini müdafiə etmiş və üst göz qapağının
xaricə çıxması, davamlı ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar
korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı
izahlar vermişdir.
İbni Sina 21 İyun 1037-ci ildə Həmədanda vəfat etdi